OKI
Вернуться к статьям

Qastrit, duodenit. Mədə və 12-barmaq bağırsaq xorası xəstəliyi.

Mədə və 12-barmaq bağırsaq xorası dedikdə, mədə və 12-barmaq bağırsağın divarının dərin defekti nəzərdə tutulur. Xora əzələ qatında və daha dərində çatla, qanaxmayla, divarın deşilməsi və ondan irəli gələn ciddi ağırlaşmalarla nəticələnə bilər. Çox hallarda xora xəstəliyi mövcüd olan qastrit, qastroduodenit fonunda yarana bilər.

Qastrit mədə divarının selikli qişasının, duodenit- 12-barmaq bağırsaq divarının selikli qişasının iltihabına deyilir. 80 % hallarda qastritin və duodenitin əsas səbəbi  Helicobakter Pilori olur, onların inkişafına isə düzgün qidalanmamaq, daimi stress, siqaret çəkmə, spirtli içkilərin qəbulu kimi faktorlar şərait yaradır.

Gastritlər xroniki və kəskin olur. Kəskin qastrit düzgün müalicə olunduqda 5-7 gün çəkir, amma mədənin tam bərpasına daha çox vaxt tələb olunur. Kəskin qastrit əsasən mədə şirəsinin və xlorid turşusunun ifrazının artması ilə müşayiət olunur. Çox hallarda kəskin qastrit xroniki qastritə keçə bilər. Kəskin qastritin tez-tez təkrar olunması, effektsiz müalicəsi, qıcıqlandırıcı faktorların selikli qişaya uzunmüddətli təsiri xroniki qastritin yaranmasına gətirib çıxarır. Xroniki qastrit uzun müddət simptomsuz keçə bilər. Xroniki qastriti əmələ gətirən digər faktorlar aşağıdakılardır:

  • Selikli qişanın Helicobakter Pilori ilə zədələnməsi ( qastrit B)
  • Autoimmun qastrit ( qastrit A)
  • Reflyuks qastrit ( qastrit C) – ödün 12-barmaq bağırsaqdan mədəyə düşməsi nəticəsində əmələ gəlir.

 Xroniki qastritdə selikli qişa kəskin qastritlə müqaisədə daha dərin və geniş sahədə zədələnir. Zaman keçdikcə prosess yayılır, dərinləşir. Xlorid turşusu və proteolitik fermentlər ifraz edən vəzilər atrofiyaya, mədə epitelisi metaplaziyaya uğrayır, yəni bağırsaq epitelisi ilə əvəz olunur. Gastritli xəstələrin selikli qişasında kiçik çatlar, eroziyalar əmələ gəlir, həmin çatlar dərinləşir, mədənin əzələ qatına çatır, sonra xoraya dönür. Xroniki qastrit turşuluğun azalması ilə müşayiət olunur.

Mədə şirəsi turşuluğunun artması olan qastritli xəstələrdə turş gəyirmə, qusma, mədə ağrıları, həmçinin qıcqırma, qəbizlik ola bilər. Ağrı epiqastral nahiyyədə lokalizasiya olunur. Turşuluğun azalması olan qastritli xəstələrdə səhərlər gəyirmə, iştahanın azalması, qarında gurultu, ağızda pis dad qeyd olunur. Simptomatika yeməkdən 1.5-2 saat sonra əmələ gəlir. Belə xəstələrdə köp, ishal ola bilər.

Mədə xorasının ilkin əlamətləri:

  1. Yeməkdən asılı olmayan, əsasən səhər saatlarında qeyd olunan   ürəkbulanma.
  2. Yeməkdən sonra qusma.
  3. İştahanın itməsi.
  4. Yemək zamanı, yeməkdən sonra, acqarına ağrılar.
  5. Arıqlama.

Mədə xorasının əsas əlaməti ağrıdır. Ağrıların xarakteri:

  1. Epiqastral nahiyyədə ağrılar. Ağrılar bel, döş, sol kürəkaltı nahiyəyə verə bilər.
  2. Ac ağrılar. Gecə və ya yeməkdən 3-4 saat sonra kəskinləşə, yeməkdən yarım saat sonra isə keçə bilər.
  3. Gec ağrılar. Yeməkdən 2 saat sonra başlaya bilər. Belə ağrılara mədənin pilorik şöbəsi və ya 12-barmaq bağırsağın xorasında daha çox rast gəlinir.
  4. Mədə cismi zədələndikdə xəstələrdə erkən ağrılar qeyd edilir. Belə ağrılara yeməkdən 30 dəqiqə – 1 saat sonra rast gəlinir.

Digər əlamətlərdən qəfləti qəyirmə, ürəkbulanma, qıcqırma, qarın nahiyyəsində ağırlıq hissi, rahatlıq gətirən qusma, arıqlama qeyd edilir.

Spirtli içki qəbul edən və ya qabaqlar çox qəbul etmiş şəxslərdə, yaşlılarda, şəkərli diabet xəstələrində, bəzi dərmanlardan çox və ya qeyri-düzgün istifadə etmiş pasiyentlərdə simptomsuz xoralara rast gəlinir. Bizim təcrübəmizdə, öncələr heç bir şikayəti olmadan, mədə qanaxması ilə müraciət etmiş xəstələrə dəfələrlə rast gəlinib. Dəqiq diqanoz  üçün həkimə müraciət etmək mütləqdir. Şikayətlərdən asılı olaraq, hər xəstəyə lazımi müayinə  təyin olunur. Müayinəyə daxildir: qanın ümumi analizi, nəcisin ümumi analizi və gizli qanaxmanın müayinəsi, ultrasəs müayinəsi, fibroqastroduodenoskopiya ( FQDS), Helikobacter Pilorinin təyini. Müayinədən sonra xəstəyə müalicə və xüsusi pəhriz təyin edilir, təkrar gəlişdə Helicobakter Pilorinin təyinindən sonra müalicə planı dəqiqləşdirilir. Müalicə kursundan sonra kontrol FQDS təyin olunur. 

Bu xəstəlik adətən ilin iki fəslində - yazda və payızda özünü daha kəskin surətdə biruzə verir. Bu iki fəsildə xəstə yeməyinə və həyat tərzinə fikir verməsə, xəstəliyin gedişi xeyli ağırlaşa bilər. Bu səbəbdən, yaz və payız fəsillərində daha ciddi müalicə-profilaktik tədbirlərə əməl etmək vəcibdir.  

Vaxtında və düzgün müalicə olunmamış xoralar daha ağır xəstəliklərə gətirib çıxara bilər.

   Dr. Fəxrəddin Abdullayev,  terapevt, OKİ Klinikası